R

egionun, eləcə də dünyanın yaradıcı şəxslərini, rəhbərlərini və gənc istedadlarını bir yerə toplayaraq “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” 2-3 may tarixlərində ilham dolu günləri ilə yadda qaldı.

Festival Orxan Kərimin nitqi ilə qapılarını hər kəsə açdı. Onun sözlərinə görə, “Baku Flames” yalnız yaradıcı işləri yox, həmçinin bu işlərin arxasındakı insanları, həvəsi və ortaq enerjini dəyərləndirir.

Festivalın ilk günü yaradıcı sektorun dahiləri Ali Rez və Shaun Loftman-ın öz işlərinin arxasında yatan sirləri açması ilə başladı, ardınca isə Karolina Galácz, Temur Sadi, Ravid Kuperberg və Erbek Onur kimi spikerlər yaradıcı hüdudları kəşf etməkdən mədəniyyətin gücünə qədər fərqli mövzularda çıxışlar etdilər. “Azercell”in dəstəyi ilə keçirilən paneldə isə Sona Abbasova, Rəşad Rəsullu, Orxan Zeynallı və Orxan Kərim Azərbaycan Cüdo Federasiyasının “Azercell” ilə ortaq sosial kampaniyaları barədə sualları cavablandırdılar.

Paralel olaraq Daş Salnamə Muzeyində “Sofar Sounds Baku”nun dəstəyi ilə Uran, Murad Arif və Hiss süni intellektin yaradıcılıqda rolundan danışdılar. Günün gözlənilən hissəsi isə, nəhayət ki, gəlib çatdı. “Young Lions Azerbaijan” müsabiqəsinin qalibləri səhnədə dünyanın dörd bir yanından gələn iştirakçılar tərəfindən alqışlandı və ən əsası isə Kannda ölkəmizi təmsil etmək şansını qazandılar. Cem Durmaz Band-in rok-n-rol konserti və DJ Amal Alilinin enerji dolu musiqiləri festivalın ilk gecəsini sonlandırdı.

İkinci gün sənətçi və rəssam Frankey-nin, ardınca braziliyalı kreativ rəhbər Eduardo Marques-in çıxışları ilə başladı. Rəsul Həsən, Öner Biberkökü və Əliyar Hüseynovun təqdimatları ilə ikinci gün ilham dolu keçməyə davam etdi. Son panel müzakirələri isə ABD Malik-in moderatorluğu ilə reklamda yumor, Emily Koridze-nin moderatorluğu ilə isə böyük ideyaların arxasındakı böyük şəxslər barədə idi.

“Baku Flames” mükafatlandırma gecəsində İlk “Baku Flames” mükafatlarının sahibləri artıq bəlli oldu. Gecədə festivala göndərilən işlər şortlist, bürünc, gümüş və qızıl, eləcə də “Green Flame (Dayanıqlı İnkişaf Məqsədləri)”, “Blue Flame (Festival qran-prisi)”, “Festivalın Ən Yaxşı Agentliyi” və “Festivalın Ən Yaxşı Brendi” mükafatları ilə təltif olundular. Gecəni və festivalı sonlandırmaq üçün isə günün sonunda Paster və DJ Pancho səhnəni alovlandırdı.

Beləcə, "Baku Flames" göstərdi ki, yaradıcılıq nəinki regionun, həm də dünyanın ayrılmaz bir hissəsidir.

Posted 
May 14, 2025
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All