Instagram YouTube-da fəaliyyət göstərən bəzi kontent yaradıcılarını öz platformasına cəlb etmək üçün 500 min dollaradək ödəniş təklif edir.
“Business Insider” nəşrinin məlumatına görə, bu təşəbbüs çərçivəsində yaradıcılar uzun formatlı videolarını həm YouTube-da, həm də Instagram-da paylaşmalıdırlar. Bunun üçün videoların hər iki platformada eyni gündə yayımlanması tələb olunur.
Instagram hazırda 90 dəqiqəyədək uzunluqda videoların paylaşılmasını dəstəkləyir. Lakin platforma hələlik uzun video məzmunu üzrə reklam gəlirlərini yaradıcılarla YouTube-dakı kimi bölüşmür. Müqayisə üçün, YouTube öz tərəfdaşlıq proqramı çərçivəsində uzun videolardan əldə edilən reklam gəlirinin 55 faizini kontent yaradıcılarına verir. Bu fərq Instagram-ın rəqabətdə üzləşdiyi əsas məsələlərdən biridir.
Instagram rəhbəri Adam Mosseri də uzun formatlı videoların inkişafı və yaradıcıların gəlir əldə etməsi üçün yeni modellərin araşdırıldığını bildirib. Şirkətin böyük məbləğli təklifləri isə YouTube-da artıq auditoriya və izləyici bazası formalaşdırmış yaradıcıları Instagram-a cəlb etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bu addımla platforma uzun videoların sayını və istifadəçilərin tətbiqdə keçirdiyi vaxtı artırmağa çalışır.



