Milyarder iş adamı Elon Musk-ın rəhbərlik etdiyi süni intellekt şirkəti xAI, ötən gecə keçirilən tədbirdə Grok 4 modelini təqdim edib. Elon Musk-ın sözlərinə görə, yeni versiya akademik suallara cavab vermək baxımından doktorluq səviyyəsindən də yüksək nəticələr göstərir. Hətta onun fikrincə, Grok 4 yeni şeylər ixtira edə biləcək gücdədir. Şirkət bu modeli "dünyanın ən güclü süni intellekti" adlandırır.
Tədbirdə verilən məlumatlara görə, Grok 4 iki versiyada olacaq. Onlardan biri "Grok 4 Heavy" adlanacaq. Sadə Grok 4 gündəlik istifadəyə uyğun olacaq, Grok 4 Heavy isə çoxagentli dəstəyə malik, daha inkişaf etmiş versiyadır. Bu model bir problem üçün birdən çox "agent" yaradaraq bir komanda kimi işləyəcək. Agentlərin tapdıqları nəticələr isə sonda birləşdirilərək yekun qərar veriləcək.
xAI şirkəti yeni modellər üçün “SuperGrok Heavy” adlı abonə paketi təqdim edib. Bu paketi alan istifadəçilər Grok 4 Heavy modelinin erkən versiyasını və xAI tərəfindən hazırlanan digər yenilikləri vaxtından əvvəl sınaqdan keçirmək imkanı əldə edəcəklər. Bu paketin qiyməti isə tam 300 ABŞ dollarıdır.