Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı yekunlaşıb. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri sayılan tədbir “ICPC Foundation”un təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, Azərbaycan Mərkəzi Bankı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icması və PAŞA Holding-in dəstəyi ilə keçirilib.

4 sentyabrda baş tutan bağlanış mərasimində ICPC-nin icraçı direktoru Bill Pouçer, Dünya Finalının direktoru Fuad Hacıyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər. İRİA rəhbəri Fərid Osmanov isə yarışın yalnız müsabiqə deyil, həm də gənclər üçün yeni bilik və əməkdaşlıq platforması olduğunu vurğulayıb.

ICPC 2025-in dünya çempionu Sankt-Peterburq Dövlət Universiteti olub. Qızıl medal qazanan digər universitetlər sırasında Tokio Universiteti, Pekin Jiaotong Universiteti və Sinxua Universiteti yer alıb. Harvard, Pekin, Zaqreb və Massaçusets Texnologiya İnstitutu gümüş, Çin Elm və Texnologiya, Seul, Novi Sad və Saratov universitetləri isə bürünc medal qazanıblar.

Azərbaycan tarixində ilk dəfə olaraq iki universitet – ADA Universiteti və Bakı Ali Neft Məktəbi dünya finalında iştirak edib. Komandalar müvafiq olaraq 101-ci və 127-ci yerləri tutaraq 5 məsələni həll edib və “Honorable Mention” qazanıblar.

Müsabiqədə hər il 110-dan çox ölkədən 3500 universiteti təmsil edən 50 mindən artıq tələbə mübarizə aparır. Dünya finalında isə 70 ölkədən 140 komanda iştirak edir. Azərbaycan 2004-cü ildən etibarən ICPC-də çıxış edir və son illər proqramlaşdırma sahəsində gənclərin inkişafı üçün hazırlıq proqramları, olimpiadalar və təlim düşərgələri həyata keçirilir.

Posted 
Sep 5, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All