Regionlarda innovasiyanın inkişafına dəstək göstərən “İnnostart” layihəsinin “Grand Final” mərasimi keçirilib. Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə baş tutub.
Final mərhələsində 17 startap mübarizə aparıb və nəticədə “Backlify“, “SaleX“, “Specdeaf“ və “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər.


Tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl təşkilatlar, innovasiya ekspertləri və startap təsisçiləri iştirak ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, ölkədə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin innovasiyalar üçün güclü zəmin yaratdığını vurğulayıb.
İRİA-nın sədri Fərid Osmanov isə layihənin nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, 2024-2025-ci illərdə layihə 4 regionu əhatə edib, 20 şəhər və rayonda 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı və 4 “Demo Day” keçirilib. Bu tədbirlərdə ümumilikdə 2000-dən çox iştirakçı yer alıb.
Layihə çərçivəsində 18 yeni mentor hazırlanıb, dövlət və özəl qurumlarla əməkdaşlıqlar qurulub, həmçinin regional nümayəndəliklər formalaşdırılıb.
Tədbirdə həmçinin layihənin nəticələrini əks etdirən videoçarx təqdim olunub, mentor hazırlığı proqramının məzunları sertifikatla təltif edilib və yekunda qalib startaplar elan olunub.