İş dünyasında rəqəmsallaşmanın gətirdiyi ən böyük dəyişikliklərdən biri işə müraciət prosesində özünü göstərir. Artıq müraciət platformaları və onlayn iş elan saytları vasitəsilə gənc mütəxəssislər yüzlərlə CV-ni bir neçə kliklə eyni anda göndərə bilirlər. Bu, prosesin sürətini və əlçatanlığını artırsa da, paradoksal olaraq iş axtaranların fərqlənməsini daha da çətinləşdirib.

Business Insider yazır ki, əvvəllər bir iş üçün müraciət hazırlamaq vaxt və səy tələb edirdisə, indi bu proses demək olar ki, avtomatlaşdırılıb. Nəticədə minlərlə namizəd eyni vakansiyalara eyni anda müraciət edir. Bu isə şirkətlərin minlərlə CV arasından seçim aparmasını çətinləşdirir və iş axtaranların görünməsini azaldır.

Mütəxəssislər qeyd edirlər ki, müraciətlərin sayının çoxalması işə qəbul prosesini də uzadır. Bir çox şirkət vakansiyanı elan etsə də, minlərlə müraciəti ələkdən keçirmək zaman aparır. Bu səbəbdən, “ghost job” adlanan – yəni faktiki olaraq dərhal doldurulmayacaq, amma elan verilən iş yerlərinin də artdığı bildirilir.

İş axtaranlar üçün bu vəziyyət ikiqat çətinlik yaradır: bir tərəfdən müraciət göndərmək əvvəlkindən daha rahatdır, digər tərəfdən isə minlərlə insanla eyni siyahıda görünmək onları anonim hala gətirir. Nəticədə fərqlənmək və seçilmək üçün yalnız CV göndərmək kifayət etmir.

Ekspertlər namizədlərə daha məqsədli strategiyalar tətbiq etməyi tövsiyə edirlər: hər vakansiya üçün uyğunlaşdırılmış CV və motivasiya məktubu hazırlamaq, iş elanını yerləşdirən şirkəti yaxından araşdırmaq, həmçinin şəbəkə qurmaq və fərdi əlaqələrdən istifadə etmək bu prosesdə üstünlük qazandıra bilər.

Posted 
Sep 5, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All