Kalshi startapının həmtəsisçisi Luana Lopes Lara 29 yaşında dünyanın ən gənc self-made (öz zəhməti hesabına) milyarder qadını olub.
Şirkətin dəyəri yeni investisiya raundundan sonra 11 milyard dollara yüksəlib. Bununla şirkətin hər iki həmtəsisçisi — 29 yaşlı Luana Lopes Lara və Tarek Mansour — milyarder statusu qazanıb.


Lopes Lara Massaçusets Texnologiya İnstitutunu (MIT) kompüter elmləri üzrə bitirib və kollec yaylarında Bridgewater Associates və Citadel kimi maliyyə şirkətlərində çalışıb. Braziliya əsilli gənc qadın altı il ərzində Kalshi-ni 11 milyard dollarlıq proqnoz bazarı platformasına çevirib. O, həmçinin orta məktəb illərində balet üzrə peşəkar təhsil alıb, Avstriyada doqquz ay baletçi kimi fəaliyyət göstərib.
Kalshi startapı isə istifadəçilərə gələcək hadisələrin nəticələrinə — seçkilər, idman oyunları və pop mədəniyyət hadisələri kimi — mərc etməyə imkan verir. Şirkət son altı ayda dəyərini beş dəfə artıraraq yeni investisiya raundunda 1 milyard dollar cəlb edib. Paradigm liderliyi ilə keçirilən raunda Sequoia Capital, Andreessen Horowitz və Y Combinator kimi aparıcı investorlar qatılıb.
Hər iki həmtəsisçi şirkətdə təxminən 12% pay sahibidir və bu pay onlara 1,3 milyard dollarlıq sərvət qazandırıb. Lopes Laranın gənc yaşda nailiyyəti onu self-made milyarder qadınlar arasında rekordçu edib.
Lopes Lara həmişə böyük arzulara sahib olub – o, Steve Jobs-un davamçısı olmaq istəyib. Onun valideynləri – riyaziyyat müəllimi anası və elektrik mühəndisi atası – ona bu mövzuda ilham verib. Orta məktəbi bitirdikdən sonra Lopes Lara doqquz ay Avstriyada peşəkar balerina kimi çıxış edib. Daha sonra balet karyerasını bitirib. MIT-də kompüter elmləri üzrə təhsil almaq və Amerikadakı böyük arzularını həyata keçirmək üçün bu sahəni tərk edib.



