Amerika Kino Akademiyası Oscar mərasiminin yayım strategiyasında mühüm dəyişiklik etdiyini açıqlayıb.
Qurumun verdiyi məlumata görə, 2029-cu ildən etibarən Oscar mükafatlandırma mərasimi YouTube platformasında yayımlanacaq və bu format 2033-cü ilə qədər davam edəcək. Akademiya bu qərarı mərasimin daha geniş və qlobal auditoriyaya çıxmasını təmin etmək məqsədi ilə əsaslandırır. YouTube-un qlobal əlçatanlığı sayəsində Oscar mərasiminin xüsusilə gənc tamaşaçılara və müxtəlif ölkələrdə yaşayan izləyicilərə daha rahat çatacağı gözlənilir.
Akademiya bildirib ki, yayım platformasının dəyişməsi mərasimin məzmununa və formatına birbaşa təsir etməyəcək, əsas hədəf yalnız yayım kanallarını dövrün media vərdişlərinə uyğunlaşdırmaqdır. Son illərdə ənənəvi televiziya auditoriyasının azalması və rəqəmsal platformaların daha çox izləyici toplaması bu qərarın verilməsində əsas amillərdən biri kimi göstərilir.
Bununla yanaşı, 2026-cı il Oscar mərasimi əvvəlcədən planlaşdırıldığı kimi ABC televiziya kanalında yayımlanacaq. Həmin mərasimin aparıcısı da dəyişməyəcək və tədbiri yenidən Conan O’Brien təqdim edəcək. Akademiya 2026–2028-ci illər üçün yayım planları ilə bağlı əlavə detallar açıqlamasa da, YouTube mərhələsinə keçidin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.



