Spotify Türkiyədə ilk rəsmi ofisini İstanbulda açaraq ölkəni region üzrə strateji prioritet bazarlardan biri elan edib.
Bu addım şirkətin yalnız xidmət təminatçısı kimi fəaliyyətindən çıxaraq yerli bazarda daha aktiv əməliyyat və idarəetmə strukturu qurmağa keçdiyini göstərir.
Yeni İstanbul ofisi vasitəsilə Spotify-ın Türkiyədə musiqi sənayesi, reklam sektoru və kontent yaradıcıları ilə birbaşa əməkdaşlığı gücləndirməsi planlaşdırılır. Şirkət yerli artistlər, prodüserlər və media tərəfdaşları ilə daha sıx işləyərək platformada regional kontentin inkişafını sürətləndirməyi hədəfləyir.

Qafqaz və Mərkəzi Asiya regionunda fiziki ofisi olmayan Spotify üçün İstanbul həm coğrafi, həm də kommersiya baxımından mərkəz rolunu oynayacaq. Şirkət bu qərarla Türkiyəni Avropa, Yaxın Şərq və Asiya bazarları arasında körpü kimi istifadə etməyi planlaşdırır.
İstanbul ofisinin açılması həm də reklam və abunəlik gəlirlərinin artırılması, yerli biznes tərəfdaşlıqlarının genişləndirilməsi və region üzrə marketinq fəaliyyətlərinin daha effektiv idarə olunması baxımından mühüm addım kimi qiymətləndirilir. Analitiklər bu qərarı Spotify-ın inkişaf etməkdə olan bazarlarda daha dərin iz buraxmaq strategiyasının bir hissəsi kimi dəyərləndirir.



