Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Azərbaycanın ekostartapı Yaxın Şərqin böyük texnologiya tədbirlərində təmsil olunub

Azərbaycanın yaşıl texnologiya startapı “Green Public” Yaxın Şərqin nüfuzlu texnologiya konfransları olan “Web Summit Qatar 2025” və “Step Dubai 2025”da iştirak edib. Startapın həmtəsisçiləri Tural Yusifov, Əli Xəyyam və Ramin Səfərov Dubay və Dohada baş tutan sərgilərdə potensial investorlarla görüşlər keçirib, startapın təklif etdiyi texnoloji, xüsusilə də süni intellekt əsaslı ekoloji həllərini geniş auditoriyaya təqdim ediblər.
Vətəndaşlar övladlarının peyvənd məlumatlarını rəqəmsal formada əldə edəcəklər
“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə yeniliklər təqdim edir. Artıq “mygov” platformasına daxil olan vətəndaşlar öz övladlarının peyvənd məlumatlarını rəqəmsal formada əldə edə biləcəklər.
Belə ki, valideynlər “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olub, “Övladlarımın peyvənd məlumatları” bölməsinə keçid edərək sözügedən məlumatlarla tanış ola bilərlər. Məlumatları PDF şəklində yükləmək, QR və ya sənəd nömrəsi vasitəsilə digər qurumlarla paylaşmaq mümkündür. Valideynlər, yalnız övladlarının şəxsiyyət vəsiqəsi olduğu halda, onların peyvənd məlumatlarına öz hesablarından baxa biləcəklər. Uşağın şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə, bu məlumatlar əks olunmayacaq.
Bu məlumatların “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutub. Bundan əlavə, vətəndaşlar öz peyvənd məlumatlarına da "Tibb məlumatlarım" bölməsinə daxil olaraq əldə edə bilərlər. Qeyd edək ki, “mygov” platforması vətəndaşlara 45-dən çox müxtəlif rəqəmsal sənəd və məlumat təqdim edərək, dövlət xidmətlərinə daha rahat və sürətli çıxışı təmin edir.
"ChatGPT"yə video yaratma funksiyası gəlir
"OpenAI" "Sora" modelini "ChatGPT"yə inteqrasiya etməyi planlaşdırır. Şirkət rəsmilərinin açıqlamalarına görə, bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələ bilinmir.
"Nissan GT-R R35" istehsalı rəsmi olaraq dayandırılıb

"Nissan" 18 illik uğurlu karyerasından sonra "GT-R R35" modelinin istehsalını dayandırdığını açıqlayıb. 2007-ci ildən bəri "Godzilla" ləqəbiylə tanınan bu əfsanəvi idman avtomobili, artıq istehsal olunmayacaq.
"Honor Pad V9" qlobal bazarda satışa çıxdı

"Honor" dekabr ayında Çində təqdim etdiyi "Pad V9" modelini qlobal bazara çıxarıb. Planşet 10.100 mAh tutumlu batareyası, yüksək yeniləmə sürətinə malik ekranı və güclü səs sistemi ilə seçilir.