"OpenAI" indiyədək ən böyük satınalmasını həyata keçirərək keçmiş "Apple" dizayneri Jony Ive-ın təsis etdiyi "io" adlı süni intellekt cihazları startapını alacağını açıqlayıb. Şirkət bu alışla süni intellekt sahəsindəki liderliyini cihaz istehsalına da daşımaq niyyətində olduğunu göstərir.

Razılaşma təxminən 6,4 milyard dollar dəyərindədir və tamamilə səhmlərlə həyata keçiriləcək. “io” yalnız bir il əvvəl təsis edilib və Ive daha əvvəl iPod, iPhone, iPad, MacBook Air və Apple Watch kimi məhsulların dizaynına rəhbərlik edib. Satınalma bu yay tamamlandıqdan sonra Ive və onun 55 nəfərlik mühəndis və dizayner komandası OpenAI və "io" daxilində yaradıcı və dizayn proseslərinə rəhbərlik edəcək.
"OpenAI" CEO-su Sam Altman rəsmi açıqlamada bu əməkdaşlığın kompüter istifadəsini tamamilə yenidən təsəvvür etmək imkanı yaratdığını bildirib. Altman və Ive bu əməkdaşlığı elan etdikləri 9 dəqiqəlik videoda gələcək planlardan və prototip üzərindəki ilkin təəssüratlardan danışıblar.
Altman cihazın prototipini evə aparıb sınaqdan keçirdiyini və bunun “dünyanın ən göstərişli texnoloji məhsulu” ola biləcəyini deyib. Yeni cihazın səsli köməkçiyə fokuslanan bir məhsul ola biləcəyi ehtimal edilir, lakin dəqiq detallar hələ açıqlanmayıb. Razılaşma hüquqi təsdiqlərdən sonra yay aylarında yekunlaşdırılacaq.