H

ər vaxtınız xeyir, "Trilogy.news" oxucuları. Bu günkü "influnser müsahibələri" rubrikamızın qonağı veb-dizayner (@toostyle.co) Turandır. Fürsətdən istifadə edərək, təklifimizi qəbul edib, müsahibəmizdə iştirak etdiyi üçün Turana dərin təşəkkürlərimizi bildiririk.

Özünüz barədə bizə biraz məlumat verə bilərsiniz?

1989-cu ildə Bakıda anadan olmuşam. Hüquq və Risklərin İdarə Edilməsi ixtisasları üzrə təhsil almışam. Bir müddət bank sahəsində çalışdıqdan sonra veb dizayn sahəsini öyrənməyə başladım. Hal-hazırda elə bu sahədə UX/UI dizayner olaraq çalışıram. 2015-ci ildən paralel olaraq www.toostyle.co saytımda “azadlığını geyin” şüarı ilə moda barədə bloq məqalələri yazırdım. Hal-hazırda dəb barədə paylaşımlarımı yalnız instagram hesabımdan edirəm.

Sizcə influnser kimdir? İnflunser nəyi etməli, nəyi etməməlidir?

Mənim üçün İnflunserlər hər hansı bir sosial platformada izləyiciləri ilə daim ünsiyyətdə olan, bəlli bir mövzuda öz fikirlərini, baxış bucağını onlarla bölüşən insanlardır. Real həyatda insanlar nəyi edib, etməməlidirlərsə, sosial şəbəkədə də bu dəyişilməz olaraq qalmalıdır. İnflunser mənə görə səmimi, öz mövqeyi olan, təmiz və səliqəli görüntü sərgiləyən insan olmalıdır.

Necə uğurlu influnser olmaq olar?

Əgər siz çox sevdiyiniz və özünüzə güvəndiyiniz bir işlə məşğul olursunuzsa uğur qaçılmazdır. İnflunserlər üçün də bu teorem keçərlidir. Əgər siz sosial şəbəkədə etdiyiniz bir paylaşımda “baxın, mən bu əşyanı çox bəyənirəm, çox keyfiyyətlidir” deyirsinizsə o əşya mütləq sizi əks etdirməli və sizin həyatınızın bir parçası kimi görünməlidir.Digər tərəfdən isə influnser kimi uğurlu olmaq üçün təbii davranmaq gərəklidir. Sosial şəbəkədə öz gündəlik həyatımızdan kadrlar paylaşarkən bunu sırf kontent olsun deyə etmədiyimizdən əmin olmalıyıq. Çünki sırf kontent üçün paylaşdıqlarımız qısa müddətdə uğur gətirsə də bir müddət sonra bu sevilməməyə, ikrah hissi doğurmağa başlayır.

İnflunser olmağa necə qərar verdiniz?

Belə bir dəqiq qərarım olmayıb, o zamanlar olması da çox mümkün deyildi., çünki mən moda sahəsində yerli bloqsferadan ilk başlayanlardan biri sayılıram. Bu sahənin və qaydalarının formalaşmasına şahid olmuşam və əminliklə deyə bilərəm ki, həm də bu prosesdə iştirak etmişəm. Sadəcə moda barədə fikirlərimi məqalələr şəklində izləyicilərim ilə paylaşarkən təbii olaraq axışda yolum influnserliklə kəsişib. İndi artıq bu sahə ciddi peşəyə çevrilib və ölkəmizdə də təlimlər, məktəblər formalaşmağa başlayıb.

Azərbaycanda influnser olmaq sizcə çətindir yoxsa asan?

Moda sahəsində asan deyil, çünki bu sahədə yerli bazar yeni-yeni formalaşmağa başlayır. Azərbaycan moda sahəsində dünya üzrə hər hansı bir yerə sahib deyil, moda həftələri yüksək səviyyədə təşkil olunmur və bu kimi saysız səbəblər mövcuddur.

Sosial mediadan başqa nə işlə məşğul olursunuz?

Qeyd etdiyim kimi veb dizaynerəm. UX/UI dizayner kimi veb saytların və mobil tətbiqlərin dizaynı ilə məşğulam. Özünüzü 1 sözlə ifadə etməli olsanız, bu hansı söz olardı?Özümü bir sözlə ifadə etsəm, bu “azadlıq” kəlməsi olardı. Bloqumun da ana fikri budur. Mənim üçün özünəməxsus tərzi olan insanlar bütün buxovlardan, çərçivələrdən azad düşünməyi bacaranlardır.

İndiyə qədər etdiyiniz ən maraqlı və ən uğurlu layihə hansıdır?

Layihə dedikdə reklam və sosial kampaniyaları nəzərdə tutulursa iştirak etdiyim əksər kampaniya mənim üçün uğurlu və maraqlı alınıb, çünki bu məsələdə çox seçiciyəm. (Əlbəttə ki, ilk zamanlar mən də səhvlərə yol vermişəm.) Bu sahədə uğura aparan yol səmimiyyətdən başlayır və bu yol da öz növbəsində izləyici inamı formalaşdırır. Sırf dəb influenseri kimi isə mənim üçün ən maraqlı məqam 2018ci il qatıldığım Tbilisi Mersedes Benz Moda həftəsində Vogue online jurnalında geyimim ilə seçilənlənlər sırasında olmaq idi.

Dünyada və Azərbaycanda hansı influnserləri bəyənirsiniz?

Məhz dəb üzrə dünyada ən bəyəndiyim influnser Leonie Hannedır. Ölkəmizdə isə dəb sahəsində sevdiyim və nümunə götürdüyüm influnser həmkarım Nəzrin Ağarzayevadır. Nəzrinin həm öz tərzini, həm də yaratdığı Naveen markasını çox bəyənirəm. Hər yeni kolleksiya çıxanda mütləq qarderobuma yeni əşyalar əlavə edirəm.

İnflunserlər olmaq istəyənlərə məsləhətiniz nə olardı?

Yeni başlayanlara məsləhətim odur ki, onları özünəməxsus edən xüsusiyyətləri görməyə çalışsınlar. Sosial şəbəkədə göstərilən həyatın pafosuna qapılıb öz unikal tərəflərini unutmasınlar. Özün ola bilmək dijital dünyada da ən əsas uğura aparan yoldur.

İnsanlar sizi hansı platformalarda tapa bilərlər?

Hal-hazırda ən aktiv olduğum platforma İnstagram hesabımdır. Hələ ki, ulduzumuz barışmasa da təzəlikcə Tik Tok’da da paylaşımlar etməyə başlamışam.

Posted 
May 26, 2022
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All