Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platforması (ASAN AI Hub) rəsmi olaraq təqdim olunub. Yeni platforma ölkədə süni intellekt (Sİ) ekosisteminin inkişafını dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirmək məqsədi daşıyır.

Platforma vasitəsilə istifadəçilər dövlət xidmətləri, biznes subyektləri, elmi-tədqiqat mərkəzləri və startap ekosistemi ilə inteqrasiya olunmuş şəkildə əməkdaşlıq imkanları əldə edəcək. ASAN AI Hub, süni intellekt texnologiyalarının tətbiqini təşviq etməklə yanaşı, ölkədəki elmi tədqiqatların və innovativ layihələrin inkişafına da dəstək verəcək.
Təqdimat mərasimində çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın Azərbaycanın süni intellekt sahəsində strateji əhəmiyyətini vurğulayıb və bu təşəbbüsün Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş çıxışında səsləndirdiyi göstərişlərə uyğun həyata keçirildiyini qeyd edib. O, platformanın ölkənin rəqəmsal inkişaf strategiyası çərçivəsində dövlət və özəl sektor, elmi-tədqiqat mərkəzləri və startaplar arasında əməkdaşlığı gücləndirəcəyini bildirib.



