Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yeni Regional Akselerasiya Mərkəzi Azərbaycanda rəsmi olaraq işə başlayıb. Mərkəz, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BTİ arasında strateji əməkdaşlıq nəticəsində yaradılıb. Açılış tədbirinə nazir Rəşad Nəbiyev, BTİ rəhbərliyi və müxtəlif yerli və beynəlxalq qurumların nümayəndələri qatılıb.
Bu mərkəz MDB məkanında ilk belə təşəbbüsdür və əsas məqsədi startapları, biznesləri, dövlət qurumlarını və təhsil müəssisələrini bir araya gətirərək innovasiya ekosistemini gücləndirməkdir. Mərkəz həmçinin regionda rəqəmsal transformasiyanın sürətlənməsinə dəstək verməyi hədəfləyir. O, BTİ-nin dünyada fəaliyyət göstərən 17 innovasiya mərkəzindən ibarət şəbəkəsinə daxildir.
Layihə BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı” çərçivəsində həyata keçirilir və iqtisadi inklüzivlik, dayanıqlı inkişaf, həmçinin dövlət–özəl əməkdaşlığının gücləndirilməsi kimi hədəflərə xidmət edir. Mərkəzin fəaliyyəti Azərbaycanın innovasiya sahəsində regional liderlik ambisiyasını dastəkləyəcək.
İRİA-nın sədri Fərid Osmanov bildirib ki, yeni mərkəz həm yerli, həm də region ölkələrindən startaplar üçün əsas toplanma nöqtəsinə çevriləcək. Onlar burada BTİ standartlarına uyğun akselerasiya proqramlarında iştirak edərək qlobal bazarlara çıxış imkanlarını genişləndirə biləcəklər.



