Azərbaycanın nəqliyyat sistemində yeni rəqəmsal xidmət — "AYNA MaaS" tətbiqi istifadəyə verilib.
Tətbiq istifadəçilərə müxtəlif nəqliyyat növlərini vahid platformada idarə etmək imkanı yaradır. Avtobus, metro, dəmiryolu, skuter və velosiped kimi nəqliyyat vasitələrini bir araya gətirən platforma, istifadəçilərə marşrut seçimi, səyahətin planlaşdırılması və ödənişlərin birbaşa tətbiq üzərindən həyata keçirilməsinə imkan verir.
Tətbiq həmçinin real vaxt rejimində nəqliyyat vasitələrinin gəlmə vaxtını göstərir, dayanacaqları xəritədə izləməyə imkan verir və mikromobillik xidmətləri ilə inteqrasiya olunub. Bu, xüsusilə şəhər daxilində səyahəti asanlaşdırır və istifadəçilərin vaxt itkisini azaldır. "AYNA MaaS" Azərbaycan, rus və ingilis dillərində əlçatan olacaq və həm "App Store", həm də "Google Play Store"dan yüklənə bilər. Tətbiq istifadəçilərin rəyləri əsasında davamlı təkmilləşdiriləcək və gələcəkdə daha geniş funksionallıq təqdim etməsi planlaşdırılır.



