Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kibertəhdidlərə qarşı kompleks tədbirlər həyata keçirir. Əldə olunan məlumata görə, müxtəlif ünvanlarda quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qanunsuz şəkildə uzaqdan qoşularaq şəxsi görüntülər xarici internet resurslarında yayılıb.
Araşdırmalar nəticəsində həmin kameraların görüntülərinə real vaxt rejimində çıxış imkanlarının satıldığı da müəyyən edilib. Kibermüdaxiləyə məruz qalmış ünvanlar müəyyən olunub, təhlükəsizlik boşluğu aşkarlanaraq aradan qaldırılıb. Məsul xarici istehsalçılara texniki boşluqların aradan qaldırılması ilə bağlı müraciət edilib, yayılan görüntülər isə internetdən silinib.
DTX vətəndaşlara tanınmamış avadanlıqlardan istifadə zamanı diqqətli olmağı və informasiya təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi tövsiyə edir.